Bu məlumat özü-özlüyündə Ermənistanda diqqət çəkir, lakin xüsusilə indiki daxili proseslər fonunda diqqət daha da artır. Məsələ ondadır ki, Ermənistanda hazırda “Ermənistan Elektrik Şəbəkələri” QSC ilə bağlı qalmaqallı hadisələr yaşanır. Nikol Paşinyan yaxın günlərdə bəyan edib ki, hökumət QSC-ni milliləşdirməyə hazırlaşır və bu proses artıq mərhələli şəkildə planlaşdırılıb. Qeyd edək ki, şirkət hazırda erməni əsilli rusiyalı milyarder Samvel Karapetyana məxsusdur. Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan da bildirib ki, milliləşdirmə Ermənistan qanunvericiliyi çərçivəsində həyata keçiriləcək.
Bütün bu fonun üstündə Xudatyan-Bayraktar görüşü və orada müzakirə edilən erməni-türk enerji əməkdaşlığı mövzusu ictimaiyyətdə ciddi suallar və şübhələr doğurub. Ermənistanda yayılan bəzi versiyalara görə, Nikol Paşinyanın bu prosesi elə ona görə başlatdığı düşünülür ki, şəbəkələri Karapetyandan alıb hansısa Türkiyə şirkətinə ötürsün.
Bu məlumatlar nə qədər əsaslıdır, konkret demək çətindir. Amma media müstəvisində bu fikirlərə zəmin yaradan kifayət qədər informasiya tirajlanır. Lakin məsələni düzgün təhlil etmək üçün ilk olaraq onu başa düşmək lazımdır ki, Ermənistanın elektrik şəbəkələri ölkə daxilində enerji bölgüsü üçün istifadə olunur. Enerjinin ixracı isə yüksək gərginlikli dövlətə məxsus ötürücü xətlərlə həyata keçirilir.
Əgər Türkiyə Ermənistan daxilindəki elektrik paylayıcı şəbəkələrə sahiblənmək iddiasındadırsa, bu artıq birbaşa daxili enerji təhlükəsizliyi ilə bağlıdır. Amma əgər söhbət enerji ixracatı və qarşılıqlı enerji mübadiləsindən gedirsə, bu, fərqli məsələlərdir və burada artıq yüksək gərginlikli ötürücü xətlər, enerji istehsalçıları və transmilli enerji layihələri müzakirəyə çıxır.
Burada sual yaranır: görəsən Ankara bu sahədə Ermənistana nə təklif edə və ya hansı layihəni gündəmə gətirə bilər? Məsələnin təkcə texniki deyil, həm də siyasi və geosiyasi çalarları var. Ermənistan-Türkiyə münasibətlərində enerji kimi strateji sahənin önə çıxması regionda yeni əməkdaşlıq formatlarının formalaşmasına da işarə edə bilər.
Aqil Məmmədov
Ordu.az